MƏTN GÜLNARƏ İSMAYILOVA FOTO ÜLVİ DAŞDƏMİR
Moët & Chandon brendinin tarixi avtoidman və qələbə mədəniyyəti ilə ayrılmaz şəkildə bağlıdır. Hələ 1930-cu illərdə bu şampan yarış traslarında qazanılan zəfərlərin ayrılmaz müşayiətçisinə çevrilmişdi. 1950-ci ildə Xuan Manuel Fanxio Fransa Qran-prisindəki qələbəsindən sonra Şampan Evinin tarixi iqamətgahı olan Şato de Saran qəsrini ziyarət etmişdi. On yeddi il sonra Den Gerni “Le Manın 24 saatı” yarışında qalib gələrək qələbəni şampanla qeyd etmək ənənəsinin geniş yayılmasına töhfə verdi. 1981-ci ildə Moët & Chandon Beynəlxalq Avtomobil Federasiyasının (FIA) rəsmi təchizatçısına çevrildi, 2025-ci ildə isə çempionatın rəsmi şampanı statusunda Formula 1-ə qayıtdı.
Bakıda bu möhtəşəm irs Formula 1 dünyasından ilhamlanan eksklüziv şam yeməyində öz əksini tapdı. Qonaqlar Moët & Chandon Brut Impérial şampanı ilə qarşılandı, şampan qədəhlərindən qurulmuş möhtəşəm piramidanın təqdimatı isə axşamın ab-havasını müəyyənləşdirdi. İlk dəfə 1869-cu ildə yaradılmış Brut Impérial Şampan Evinin imza küvesidir. Onun özünəməxsus üslubu parlaq meyvə çalarlarını, zərif yetkinliyi və diqqətlə seçilmiş ehtiyat şərablar da daxil olmaqla 100-dən artıq şərabın kupaj edilməsi ustalığını birləşdirir.
Qastronomik təcrübə hər bir küvenin xarakterini üzə çıxarırdı. Brut Impérial laym ilə təqdim edilən istridyə ilə uyğunlaşdırılmışdı. Ardınca qonaqlara limon otu, pomelo və avokado ilə hazırlanmış dəniz xanısı seviçesi təqdim olundu; onu Magnum formatlı şüşədən süzülən şampan müşayiət edirdi. Müxtəlif həcmli şüşələrdən təqdim olunan şampanların dequstasiyası qonaqlara şüşənin ölçüsünün içkinin yetişmə prosesinə necə təsir etdiyini, teksturada, təravətdə və aromatik ifadədə yaranan incə fərqləri kəşf etmək imkanı verdi.
Axşamın ən yaddaqalan məqamı Ayrton Sennanın və 1991-ci il Braziliya Qran-prisinin digər podium mükafatçılarının imzalarını daşıyan tarixi Moët & Chandon Jeroboam şüşəsinin təqdimatı oldu. Həmin il Senna ciddi fiziki yorğunluğa və sürətlər qutusundakı problemlərə qalib gələrək İnterlaqos trasında doğma vətənində çoxdan gözlədiyi ilk qələbəsini qazandı. Elə həmin ildən Moët & Chandon Formula 1 yarışlarında podiuma yüksələn pilotların imzaladığı Jeroboam şüşələrini qoruyub saxlamağa başladı. Zaman keçdikcə kolleksiyadakı şüşələrin sayı 51-ə çatdı.
Bu əlamətdar hadisə münasibətilə qonaqlara Şampan Evinin 77-ci millesim buraxılışı olan Moët & Chandon Grand Vintage 2016 təqdim edildi. Məhsul ilindən asılı olmayaraq Evin səciyyəvi üslubunu qoruyub saxlayan Brut Impérial-dan fərqli olaraq, Grand Vintage baş şərab ustası Benua Quezin yaradıcı baxışı vasitəsilə konkret bir ilin özünəməxsus xarakterini ifadə edir.
2016-cı ilin məhsul yığımı zamanı əlverişsiz hava şəraitinə baxmayaraq, alınan şampan heyrətamiz harmoniya və zərifliyi ilə seçilirdi. Zirzəmilərdə altı il yetişdirildikdən sonra onun buketində qovrulmuş fındıq, brioş, çəyirdəkli meyvələr və çiçək notları üzə çıxmışdı. Bu incə və çoxqatlı dad çalarlarını fenxel, sitrus velutesi və göyərtili kərə yağı ilə təqdim olunan sobada bişmiş nərə balığı tamamlayırdı.
Axşam Moët & Chandon Rosé Impérial ilə başa çatdı. Onun ifadəli qırmızı giləmeyvə notları şaftalı kremösü, preslənmiş pomidor, reyhan və çiyələk qranitasından ibarət orijinal desertlə ahəngdar uyğunluq yaratdı.
Mənim üçün bu tədbir vizual zəriflik və nəfis qastronomiyadan daha böyük məna daşıyırdı. Sennanın imzası olan tarixi şüşə idmanın yarış trasının hüdudlarını aşaraq dünya mədəniyyətinin bir hissəsinə necə çevrilə bildiyini xatırladırdı. Təqdimatın xüsusi rəmzi əhəmiyyəti də vardı: 2026-cı ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü qeyd olunurdu. Sennanın 1991-ci ildə Braziliyada qazandığı qələbə hekayəsinin bu əlamətdar tarixlə səsləşməsi mənə xüsusilə maraqlı göründü. Coğrafi məkan və şərait baxımından bir-birindən tamamilə fərqli olan bu iki hekayə Bakıda qovuşdu. Məncə, məhz bu cür məqamlar belə tədbirlərə əsl məna qazandırır.
Formula 1 təkcə sürət və rəqabət demək deyil. O, xarakter, irs və zaman keçdikcə əhəmiyyəti daha da artan anlar yaratmaq bacarığı deməkdir. Bakı da öz tarixi, enerjisi və bənzərsiz xarakteri ilə bu dünyanın bir parçasına çevrilməyi özünəməxsus şəkildə bacarır.


