NARGIS
Ru En
NARGIS MAGAZINE
Mədəniyyət

Bakı Beynəlxalq İncəsənət Festivalı dünya səviyyəli sənətçiləri Azərbaycanın paytaxtında bir araya gətirəcək

İkinci Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF) 28 oktyabr–8 noyabr 2026-cı il tarixlərində Bakıda keçiriləcək. Heydər Əliyev Fondunun və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan festival rəqs, dram, musiqi və kino sahələrini əhatə edən 20-dən çox tədbiri bir araya gətirəcək. Festival proqramında Azərbaycan, Böyük Britaniya, İsrail, Kanada, Monako, Rusiya, ABŞ, Fransa və digər ölkələrdən sənətçilər və yaradıcı kollektivlər iştirak edəcək.

Bu il festival proqramında beynəlxalq səviyyədə tanınmış sənətçilərlə azərbaycanlı incəsənət xadimləri və mədəniyyət müəssisələri arasında əməkdaşlığa xüsusi diqqət yetirilir. Bu əməkdaşlıqlara Bakı Xoreoqrafiya Akademiyası, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Kamera Orkestri daxildir. Festivalın tədbirləri Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Dövlət Milli Dram Teatrı, Heydər Əliyev Mərkəzi, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Heydər Əliyev Sarayı, Daş Salnamə Muzeyi, İçərişəhər və digər məkanlarda baş tutacaq.

BIAF 2026 28 oktyabr tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında Dmitri Şostakoviçin anadan olmasının 120 illiyinə həsr olunmuş konsertlə açıq elan olunacaq. Həyatı və yaradıcılığı Azərbaycanla sıx bağlı olan, ölkənin bəstəkarlıq məktəbinin formalaşmasına birbaşa təsir göstərən Şostakoviçin “Fortepiano, truba və orkestr üçün 1 nömrəli konsert”i 1934-cü ildə bəstəkarın özü tərəfindən məhz bu səhnədə ilk dəfə ifa olunub. Əsəri dövrümüzün texniki baxımdan ən parlaq və özü sənətkarlıq baxımından maraqlı pianoçularından biri Lukas Geniuşas və norveçli truba ifaçısı Tine Tinq Helset təqdim edəcək. Konsertdə Bakı Dövlət Kamera Orkestri və BIAF Festival Orkestri çıxış edəcək. Orkestrə Bakıda doğulmuş skripkaçı və dirijor Dmitri Sitkovetski rəhbərlik edəcək.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

30 oktyabr tarixində Cənubi Afrikadan olan sənətçi Uilyam Kentridcin “Başqa bir dünyaya inanmaq” (Oh To Believe in Another World) əsəri Şostakoviçin 10-cu simfoniyasına canlı vizual interpretasiya təqdim edəcək. Əsərdə bəstəkarın Bakıdakı tələbəsi, pianoçu və bəstəkar Elmira Nəzirovayaolan gizli məhəbbətinin izləri öz əksini tapır. Festival Orkestrinə Dmitri Sitkovetski dirijorluq edəcək. Proqramın ikinci hissəsində Fikrət Əmirov və Elmira Nəzirovanın “Ərəb mövzuları əsasında fortepiano və orkestr üçün konsert”isəslənəcək. Əsəri hər iki bəstəkarı şəxsən tanıyan, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli ifa edəcək.

4 noyabr tarixində Heydər Əliyev Mərkəzində məşhur skripkaçı Devid Qarret çıxış edəcək. “Culyard” məktəbinin məzunu, “pop musiqinin Paqaninisi” kimi tanınan sənətçi “Minilliyin simfoniyası” (Millennium Symphony) layihəsini təqdim edəcək. Konsertdə son 25 ilin ən məşhur hitlərinin skripka üçün simfonik aranjimanları səslənəcək. Festivalın bağlanış konserti isə 8 noyabrda Filarmoniyada keçiriləcək. İkiqat “Qremmi” mükafatı laureatı, dünyanın ən çox tələb olunan skripkaçılarından biri Maksim Vengerov festivalın son konsertində çıxış edəcək.

Festivalın teatr proqramı Lev Dodinin quruluşunda, Anton Çexovun “Qağayı” əsərinin “Maly” Dram Teatrı – Avropa Teatrının (Sankt-Peterburq) yüksək qiymətləndirilən tamaşası ilə başlayacaq. Tamaşa 29 və 30 oktyabr tarixlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında nümayiş olunacaq.

1 və 2 noyabr tarixlərində Təl-Əvivin “Gesher” Teatrı Dmitri Krımovun “Qanlı Mariya”(Bloody Mary) tamaşasını təqdim edəcək. Şillerin “Mariya Stüart” əsərinə sərbəst və vizual yanaşma üzərində qurulan tamaşa yeni bədii dünya yaradır.

3 və 4 noyabr tarixlərində Heydər Əliyev Mərkəzində “Rezo Qabriadze” Kukla Teatrının “Alfred və Violetta” tamaşası nümayiş olunacaq. Aleksandr Dümanın “Kameliyalı qadın”əsərinin yeni səhnə yozumu olan tamaşanın hadisələri 1990-cı illərin Tbilisisinə köçürülüb. Tamaşanın son səhnə quruluşu rejissor Leo Qabriadze tərəfindən 2021-ci ildə atasının vəfatından sonra tamamlanıb.

Festivalın rəqs proqramı 31 oktyabr və 1 noyabr tarixlərində Azərbaycan Dövlət Milli Dram Teatrında Əkrəm Xanınxoreoqrafı olduğu “Zikra: xatirələr gecəsi” (Thikra: Night of Remembering) tamaşası ilə başlayacaq. Səhnə və vizual dizaynı Səudiyyə Ərəbistanından olan rəssam Mənal Əl-Dovayana məxsus əsər ritual xarakterli xatırlama ənənəsindən ilhamlanır və ilk dəfə 2025-ci ildə Əl-Uladakı “Wadi AlFann” məkanında təqdim olunub.

5 və 6 noyabr tarixlərində “Batsheva” ansamblının məzunu, Paris Opera Baleti və “La Skala” ilə əməkdaşlıq edən xoreoqraf Şahar Binyamini özünün “House of Dance Company” kollektivi ilə “Yeni dünya”(New Earth) və “Bolero X” əsərlərini təqdim edəcək. Festivalın mentorluq proqramı çərçivəsində Binyamini Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Bakı Xoreoqrafiya Akademiyasının rəqqaslarını da hazırlayaraq tamaşalara cəlb edir.

6 və 7 noyabr tarixlərində İngilis Milli Baleti ilk dəfə Bakıda çıxış edəcək. Azərbaycan Dövlət Akademik Musiqili Teatrında nümayiş olunacaq “Hərəkətdə ustadlar: Forsayt/Payt”(Masters in Motion: Forsythe/Pite)proqramında Kristal Paytın “Bədən və ruh (1-ci hissə)”(Body and Soul (Part 1))və Uilyam Forsaytın “Pleylist (EP)”(Playlist (EP)) əsərləri təqdim olunacaq.

7 noyabr tarixində isə Monte-Karlo Baleti (Les Ballets de Monte-Carlo) Heydər Əliyev Sarayında Jan-Kristof Mayonun“Göl” (LAC) tamaşasını Bakıda ilk dəfə nümayiş etdirəcək. Psixoloji gərginlik üzərində qurulan bu yeni “Qu gölü”yozumu Çaykovskinin əsərinin yaranmasının 150 illiyinətəsadüf edir.

Festivalın paralel proqramı çərçivəsində 1 noyabr tarixindəxoreoqraf Şaron Eyal yaradıcılıq prosesinə dair iş mərhələsindən nümunələri təqdim edəcək. 6 və 7 noyabrtarixlərində isə Romeo Kastelluççi və Skot Gibbonsun səslə işlədikləri “Beləliklə, Karfagenə gəldim” (To Carthage Then I Came) əsəri Daş Salnamə Muzeyində nümayiş olunacaq. Brüsseldəki premyerasından sonra əsər keçmiş elektrik stansiyası olan bu məkana uyğunlaşdırılaraq yenidən səhnələşdiriləcək.

İctimai müzakirələr çərçivəsində tamaşaçılar Əkrəm Xan, Mənal Əl-Dovayan, Lev Dodin və digər sənətçilərlə görüşmək imkanı əldə edəcəklər. Proqramın qonaqları arasında bestseller “İpək yolları: dünyanın yeni tarixi” (The Silk Roads: A New History of the World) kitabının müəllifi, tarixçi Piter Frankopan da yer alacaq. O, Bakının dünya mədəniyyətinin kəsişmə nöqtəsindəki yenilənmiş rolundan danışacaq.

Artıq ikinci dəfə baş tutacaq BIAF 2025-ci ildə keçirilmiş uğurlu ilk festivaldan sonra təşkil olunur. 2025-ci ildə festival çərçivəsində Azərbaycan, Avstriya, Böyük Britaniya, Almaniya, İsrail, İspaniya, Kanada, Çin, ABŞ, Fransa, Özbəkistan və digər ölkələrdən 100-dən çox sənətçinin iştirakı ilə 20-dən çox tədbir keçirilib. Proqramda Robert Lepaj, Giyom Kote, Şaron Eyal, Yanq Lipinq, Rimas Tuminas və Daniele Finçi Paska kimi sənətçilərin əsərləri təqdim olunub.

Dünyanın aparıcı festival platformalarının nümunəsindən ilhamlanan BIAF tarixi İpək Yolunun kəsişmə nöqtəsində yerləşən Bakını Şərqlə Qərbi birləşdirən müasir, açıq və müxtəlif janrları əhatə edən mədəniyyət paytaxtı kimi təqdim edir. Bakı Beynəlxalq İncəsənət Festivalında son illərin ən diqqətçəkən səhnə əsərlərini izləmək, Azərbaycanın zəngin tarixi və müxtəlif mədəni ənənələri ilə tanış olmaq üçün ölkəyə səfər etmək imkanı yaranır. BIAF 2026-nın tam proqramı və biletlər: biaf.az