NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

Şəhərin Ritmini Baku Pulse ilə Hiss Et

Bəs əgər qaçış sadəcə bir idman növü deyil, şəhərini yenidən kəşf etməyin bir yolu olsaydı?
Baku Pulse hekayəsi məhz belə başladı — hərəkətə, mədəniyyətə və insanlara olan sevgini birləşdirən bir təşəbbüs kimi.
Biz layihənin yaradıcısı Yaqub Qurbanovla söhbət etdik və o, Bakı küçələri ilə qaçışın onun üçün ilham mənbəyinə çevrilməsi və insanla şəhər arasında körpü rolunu oynayan bir icmanın yaranmasına səbəb olması haqqında bəhs etdi.

Qaçış sizin üçün nə deməkdir?
Mənim qaçışla tanışlığım olduqca qeyri-adi şəkildə — ChatGPT ilə başladı. Sadəcə oraya yaşımı, çəkimi, məqsədlərimi və qaçmağa başlamaq istəməyimin səbəblərini daxil etdim. O vaxt özümü gündəlik həyatın eyni axarında ilişib qalmış kimi hiss edirdim — iş, qayğılar, hər gün eyni şeylər. ChatGPT mənim üçün üç aylıq məşq planı hazırladı və mən qərar verdim ki, sınaqdan keçirim.
Məqsədim Bakı Marafonu idi — adətən may ayında keçirilir. Hər şey də elə buradan başladı. Sonradan qaçış həyatımda təkcə idman kimi deyil, həm də peşə fəaliyyətimin bir hissəsi kimi daha çox yer tutmağa başladı. İlk marafonumu PASHA Holdingdə işlədiyim dövrdə, komandamızla birgə iştirak edərkən qaçdım.
Daha sonra Birmarket şirkətində həmkarlarımla birgə öz qaçış icmamızı yaratmaq qərarına gəldik. Əvvəlcə cəmi iki-üç nəfər idik, indi isə fəaliyyət səviyyəsindən asılı olaraq 20–40 nəfərlik bir qrup olmuşuq.

Baku Pulse ideyası necə yarandı və sizi idmanı, mədəniyyəti və icmanı bu formatda birləşdirməyə nə ilhamlandırdı?
Baku Pulse mənim şəxsi təşəbbüsümdür, işimlə bağlı deyil. Mən sadəcə qaçış hərəkatı deyil, daha dərin bir şey — idman, mədəniyyət və şəhərimizə sevginin vəhdətini yaratmaq istəyirdim.
Tək qaçıram və qaçışlarım zamanı video çəkirəm — Bakını və Azərbaycanın müxtəlif guşələrini fərqli rakursdan göstərirəm. Məsələn, Balaxanı, Şamaxı, Diri Baba məkanlarından çəkdiyim görüntülərim var və bu, hələ başlanğıcdır. Mən bu “ölkə parçalarını” toplayaraq qaçış vasitəsilə onun nə qədər xüsusi olduğunu göstərməyə çalışıram.
Qaçarkən əvvəllər fikir vermədiyim detalları görməyə başladım — memarlıq elementləri, köhnə küçələr, məhəllələrin özünəməxsus atmosferi. Və bir gün anladım ki, bunları bölüşmək lazımdır.
Beləcə, qısa videolar çəkmək, onları paylaşmaq və başqalarını tanış yerlərə yeni gözlə baxmağa ruhlandırmaq fikri yarandı.
Sonradan təşəbbüsə Azerbaijan Tourism Board da dəstək verdi.

Baku Pulse vasitəsilə insanlara hansı mesajı ötürmək istəyirsiniz?
Mən istəməzdim ki, hər şey “qaçış – sağlamlıqdır” kimi standart bir ifadəyə çevrilsin. Bunu onsuz da hamı bilir. Mənim üçün qaçış təkcə idman deyil — bu, mədəniyyətin bir hissəsidir. Mənim məqsədim peşəkar idmançı olmaq deyil və başqalarını da buna çağırmıram. Daha çox, qaçışın həyat tərzi, insanın özünü dərk etməsi, anı hiss etmə və daxili tarazlığı tapma yolu olmaısnı göstərmək istəyirəm.
Qaçış zamanı insan gündəlik həyat rutinində vaxt tapmadığı suallara cavab tapa bilər — istər işlə, istər şəxsi həyatla, istərsə də daxili tərəddüdlərlə bağlı.
Qaçış səni düşündürür: Haraya gedirəm? Həyatdan nə istəyirəm? Mənim üçün doğrudan da nə vacibdir?
Bu suallar adətən gündəlik rutin içində yadımıza düşmür.

Baku Pulse-un gələcəyini necə görürsünüz?
Layihənin bir neçə istiqaməti var. Bir tərəfdən mənim şəxsi qaçışlarım və Azərbaycanın gözəlliyini göstərən videolarım, digər tərəfdən isə insanların bir araya gəlib fikirlərini paylaşa, təcrübə və ilham mübadiləsi apara biləcəyi bir icma.
İlk görüşdə dörd spiker çıxış etdi, müxtəlif mövzular müzakirə olundu. Heç bir yaş məhdudiyyəti yox idi — sadəcə sosial şəbəkələrdə açıq qeydiyyatla təxminən 50 nəfər iştirak etdi.
İnsanlar bu ideyaya həqiqətən səmimi yanaşdılar: suallar verdilər, gözləntilərini bölüşdülər, tədbirlərlə maraqlandılar. Çünki hazırda qaçış və onunla bağlı məsələlərin açıq şəkildə müzakirə oluna biləcəyi vahid bir platforma yoxdur.
Gələcəkdə Baku Pulse-u iki istiqamətdə inkişaf etdirmək istəyirəm — Azərbaycanın gözəlliyi və qaçış haqqında videolar çəkməyə davam etmək və paralel olaraq canlı bir icma formalaşdırmaq, burada insanlar görüşüb həmfikirlərini tapa bilsinlər.

Gəncləri sizə qoşulmağa necə ruhlandırırsınız?
Əsasən sosial şəbəkələr vasitəsilə. Saytımız (thebakupulse.com) və Instagram səhifəmiz (@thebakupulse) insanlara göstərir ki, qaçış təkcə idman deyil — həyat tərzi, icma və mədəni ifadə forması ola bilər..

Sizin üçün ən yaddaqalan qaçış hansıdır — bəlkə də ən çətini, ya da ən fərqlisi?
Ən yaddaqalanı Şahdağ treyli idi.
Beş saatlıq dağ qaçışı, 27 kilometr, istiyə və çətin relyefə baxmayaraq — saf ekstrem idi. Dağlardasan, ətrafda heç kim yoxdur. Bir çoxları 15-ci kilometrdən sonra dayanır, amma mənim üçün bu, bir sınaq və inanılmaz bir təcrübə idi.
Belə anlar insana düşündürür: Bütün bunları niyə edirəm? — və sonda özündə yeni güc tapırsan.