
İncə italyan zərifliyini təmsil edən Bvlgari ilə Bodrumun qədim cazibəsini, qızmar türk günəşini və yay fantaziyalarını birləşdirmək arzusu artıq uzaq bir xəyala bənzəmir — bu, gerçəkliyə çevrilir. Həm əfsanəvi zərgərlik evi, həm də dəbdəbəli otellər şəbəkəsi olan Bvlgari hər dəfə bizi sehrli kəşfləri ilə təəccübləndirməyə davam edir.
Sizə xüsusilə Nargis jurnalı üçün Bvlgari Hotels & Resorts-un icraçı vitse-prezidenti Silvio Ursini ilə eksklüziv müsahibəni təqdim edirik. Onun yaradıcılıq baxışı brendin DNT-si ilə ayrılmaz şəkildə bağlıdır.
Bvlgari otelinin açılması fikri necə yarandı və ilk təcrübəniz necə olmuşdur?
Bu fikir hələ 1990 – cı illərin sonunda meydana gəlmişdir. Biz anlamışdıq ki, müştərilərimiz brend ilə daha sıx əlaqə axtarır: bu özünü yalnız zinət əşyaları və ya saatlarda deyil, həmçinin həyat tərzi və yaşam sənətində təzahür edirdi. O zamanlar həqiqətən də görkəmli, lüks sinif otellərin sayı çox az idi. Parisdə əfsanəvi Ritz və ya Londonda Claridge’s otelləri olsa da, bir çox yeni layihələr daha çox kommersiya xarakterli idi – bizim “işgüzar dəb – dəbə” adlandırdığımız tərz. Bizim auditoriya isə, xüsusi bir şey istəyirdi.
Dərhal qərar verdik: biz növbəti otel şəbəkəsinə çevrilmək, əlli və ya yüz obyekt açmaq istəmirik. Qoy bu səkkiz – on unikal ünvan olsun – eksklüziv məhdud sayda Bvlgari evlərinin kolleksiyası. Hər şey beləcə başladı.
İlk olaraq Milandakı otelimizi açdıq. Bu layihəyə qarşı münasibət skeptik idi: bir çoxları deyirdi: “Axı siz zərgərsiniz, otellər haqqında nə bilirsiniz ki?” Lakin biz eksklüziv bağçaya və füsunkar ab – havaya malik Milan otelini açdıqda, Bvlgari fəlsəfəsinin qonaqpərvərlik dilinə necə çevrildiyi hər kəsə aydın oldu. Bu kommersiya deyildi, zəriflik və əbədilik idi.
Bodrumda yerləşən otel və rezidensiyaları həqiqətən də unikal edən nədir?
Elə Bodrumun özü artıq seçilən bir məkan sayılır. Burada valehedici mənzərələr, saf dəniz və güclü küləklərdən təbii qorunma var. Sadəcə qayıqla açıq dənizə çıxmaq kifayətdir ki, dərhal anlayasan — bir çox digər kurortlarla müqayisədə bura əsl cənnətdir. Mən Bodrumu səmimi qəlbdən sevirəm, dəfələrlə burada olmuşam. Yunanıstanda küləklər bəzən həddindən artıq güclü olur, İtaliyada hava tez-tez tutqun keçir, Fransada isə hər zaman yetərincə isti olmur. Amma burada hər şey ideal uyğunluq tapır: iqlim, mədəniyyət, cazibə.
Və sonra biz bu möhtəşəm torpaq sahəsini kəşf etdik. Siz tikintini görmüsünüz — o, indidən heyranlıq doğurur. Təsəvvür edin, memarlıq və landşaft dizaynı tamamlananda nəticə necə olacaq. Bu, həqiqətən gizli bir incidir.
İnteryer və eksteryerlərin ərsəyə gəlməsinə sizi nə ilhamlandırmışdır?
Xüsusən villalarda biz incə balansı tutmağa çalışırıq. Bvlgarinin müasir tərzini ifadə etmək bizim üçün xüsusi vacibdir. Müasir dizayn bəzən soyuq görünə bilər, lakin onu zənginlik, rahatlıq və detallarla tamamlamağa çalışırıq. Axı bu xüsusi evlərdir və onların sahibləri məkana öz tərzlərini, sənətkarlıq kolleksiyalarını, xalçaları, mebelləri gətirirlər. Vəzifəmiz onların fərdiyyətini həqiqətən parlada biləcək zərif və təmkinli bir səhnə yaratmaqdır.
Oteldə dizayn dili daha açıq şəkildə Bvlgari üslubunu əks etdirir, villalarda isə daha zərif və incədir. Mən xüsusilə bu məkanların yaratdığı məxfilik hissini sevirəm. Hər bir villadan və nömrədən panoramik mənzərələr açılır — göz önündə yalnız təbiət var. Ərazinin relyefi isə terras effektini yaratmağa imkan verir və bu, layihəni doğrudan da unikal edir.
Bodrumdakı layihə digərlərindən nə ilə fərqlənir?
Hər bir layihəmiz fərqlidir, Bodrumda isə əsas məsələ yaxınlıq hissi ilə canlılığın ahəngdar balansını yaratmaqdır.
Zərif bağça və füsünkar ab – havaya malik Milan otelimizi açdıqda insanlar ilk dəfə olaraq Bvlgari fəlsəfəsinin qonaqpərvərliklə necə ifadə edildiyinin şahidi oldular
Bvlgari – nin hansı zinət əşyaları irsi öz əksini otellərdə tapır?
Bu sualın cavabı daha çox metaforikdir. Biz hər bir otelə elə yanaşırıq ki, sanki incə bir zərgərlik əsəri yaradırıq. Əvvəlcə düzgün daşı tapırıq. Sonra onu cilalayır, bəzəyin dizaynını hazırlayır və nəhayət, çərçivəyə yerləşdiririk. Otellərdə də yanaşma eynidir: ilk növbədə ideal məkanı seçirik. Bu kommersiya prinsiplərinə bağlı olmayan bir yanaşmadır, yüksək zərgərlik əsəri yaratmağa bənzəyir — yeganə və misilsiz.
Daxilə addım atanda qonağı brendə incə işarələr qarşılayır: ulduz motivi, Pantheon toru, Karakallanın pərli naxışları, arxiv şəkilləri, vintaj reklamlar və orijinal eskizlər. Hər şeydə zəriflik hiss olunur — çiçək kompozisiyalarından ümumi ab-havaya qədər. Heç vaxt iddialı və ya ticarət xarakterli görünmür, amma dərhal Bvlgari olduğunu tanımaq olur.
Bvlgari qonaqpərvərliyinin üç qızıl qaydası hansılardır?
Maraqlı sualdır. Əlbəttə ki, qüsursuz servis. Amma biz bunu səmimi və isti yanaşma ilə təqdim edirik. Servis hər kəs üçün fərdiləşdirilməlidir, çünki hər insan başqadır. Bəzi qonaqlar söhbəti sevir — siz liftdə onlarla rastlaşıb “Necəsiniz? Haradan gəlmisiniz?” deyə soruşa bilərsiniz. Digərləri isə sakitliyi və məxfiliyi üstün tutur. Hər kəsə eyni şablon cümləni söyləmək asan olardı, amma insanları “oxumaq” bacarığı vacibdir. Elə buna görə də bizim servisimiz xüsusi və unikaldır: mexaniki ritualardan qaçaraq həqiqi insani bağ yaradırıq.
Otel kiçikdir — cəmi 40 otaq və 40 villa var, bu da onu həqiqətən eksklüziv edir. Bundan əlavə, 100 xüsusi rezidensiya mövcuddur. Sahil boyunca isə qonaqları dinamik və enerjili məkanlar gözləyir: çimərlik klubu, bar, italyan və yapon restoranları, hətta amfiteatr. Beləliklə, hər qonaq ya tənhalığı, ya da ünsiyyəti seçə bilər.
Yeni layihələrinizin yerləşəcəyi məkanları necə seçirsiniz?
Biz bu məsələyə son dərəcədə yaradıcı yanaşır və heç vaxt tələsmirik. Yer eyni zamanda parlaq və dəb – dəbəli olmalıdır: Bodrum kimi. Gələcək Milan otelinin yerləşdiyi əraziyə ilk dəfə gələndə, dərhal anladım və dedim: “Harada imza atım?” Eyni hadisə Romada da baş verdi, bu hissi başqa heçnə ilə səhv salmaq olmaz.
Parisdə vəziyyət bir qədər fəqrlidir: şəhər dəbdəbəli saraylar və böyük otellərlə doludur. Biz daha şəxsi, qapalı klub ruhlu məkan təklif etmək qərarına gəldik. Və bu işə yaradı: Bir çox qonaqlar oraya yenidən geri dönür.
Bvlgari otellərində brendin səfirləri varmı?
Rəsmi olaraq – xeyr, yoxdur. Brendin xüsusən zərgərlik istiqaməti ilə əlaqəli olan bir çox dostlarımız, məşhurlar və inflüenserlər var. Lakin, məhz otellər üçün biz, rəsmi səfirlər sistemini tətbiq etmirik.
Burada, Bodrumda tərəfdaşınız kimdir?
Biz yalnız həm maliyyə baxımından güclü, həm də brendə emosional bağlılığı olan insanlarla əməkdaşlıq edirik. Onlar Romada, Dubayda və digər yerlərdə otellərimizi ziyarət ediblər — brendin səmimi pərəstişkarlarıdırlar. Onlar üçün bu yalnız biznes təşəbbüsü deyil; ürəklərini də qoyurlar. Düzünü desəm, dünən mənə dedilər: “Sən hər şeyi, hər detalı xatırlayırsan, inanılmazdır.” Həqiqət budur ki, mən bu layihələri ürəyimdə daşıyıram. Son açılış iki il əvvəl Romada oldu, növbəti isə Maldivlərdədir. Çünki biz çox az otel açırıq, bu da mənə hər birini diqqətlə seçmək, sanki bir uşağı böyütmək imkanı verir.
Sevimli layihəniz varmı?
Uşaqlarınız varsa, anlayacaqsınız — sevimlini seçmək çətindir. Hər otel mənim üçün yeni mədəniyyətlərə şəxsi səyahət olub. Amma bəlkə də Milan, çünki o, birincisi idi. Bali də ürəyimdə xüsusi yer tutur. Açılışdan əvvəl orada iki ay ailəmlə yaşadım. Yerli icmanın bir hissəsi olduq, və oradakı insanlar həqiqətən fövqəladədirlər. Onların mədəniyyəti və nəzakəti mənimlə əbədi qaldı.
Bvlgari Hotels & Resorts-un missiyası nədir?
Çox sadədir: Bvlgari həyat tərzini dünyaya təqdim etmək. Biz italyanıq, ona görə də DNT-mizə dizayn, mətbəx və servis var — hər şey isti və zərif şəkildə həyata keçirilir. Biz pizza hazırlayırıq. Sadəcə buna görə deyil ki, etmək məcburiyyətindəyik, sadəcə olaraq bu sıradan bir pizza deyil. Pizzalarımız bəzən krevet və ya kürü ilə təqdim olunur. Burada hətta marqarita belə unudulmaz olur. Məsələn, Dubayda biz Romadan olan gənc, mükafata layiq görülmüş aşpazla əməkdaşlıq etdik, o, Yaxın Şərqdə ən yaxşı pizzanı hazırlayır. Fəlsəfəmiz belədir: həmişə ən yaxşıları ilə əməkdaşlıq etmək.