NARGIS
Ru En
NARGIS MAGAZINE
Mədəniyyət

"Planet Calling". Ekoloji layihə

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Nargis” jurnalının birgə təşkilatçılığı ilə ətraf mühitin mühafizəsi probleminə həsr olunmuş “Planet Calling” adlı ekoloji layihəyə start verilib.

Layihənin məqsədi ictimaiyyətin diqqətini ekoloji problemlərə cəlb etmək, uşaqları maarifləndirmək və planetə şüurlu münasibət prosesinə cəlb etməkdir.

Bununla əlaqədar, ilkin mərhələdə cari ilin may-iyun aylarında RUGİM-in “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində Bakı şəhəri üzrə 40 ümumtəhsil müəssisəsində fəaliyyət göstərən ekoloji profilli dərnəklərdə xüsusi təlimlər keçirilir.

Peşəkar heykəltəraş və rəssam ekspertlər tərəfindən aparılan təlimlərdə dərnək üzvləri öz ideya və bacarıqlarına uyğun olaraq müxtəlif lazımsız plastik qablardan və kağız tullantılarından, digər tullantı məhsullarından istifadə edərək yaratdıqları zövq oxşayan əsərləri, incəsənət nümunələrini, müxtəlif eksponatları nümayiş edirlər.

Təlimlərdə müasir ekoloji problemlərin yaratdığı fəsadlar, respublikamızda bu sahədə görülən işlər və hər bir vətəndaşın ətraf mühitin qorunmasındakı rolu barədə şagirdlərə məlumatlar verilir və mövzu ətrafında fikir mübadiləsi aparılır, onları maraqlandıran suallar cavablandırılır.

Qeyd edək ki, iyun ayının sonunda “Nargis” jurnalının təşkilatçılığı ilə ekoloji sərginin keçirilməsi nəzərdə tutulur.