NARGIS
Ru En
NARGIS MAGAZINE
MÜSAHİBƏLƏR

TƏBİƏTƏ OLAN SEVGİDƏN: PLASTİK RƏSMLƏR

Ucuz plastik artıq XXI əsrin fəlakətinə çevrilib: bu plastiklər okeanlarda zibil adaları yaradıb, ən az 700 bioloji, o cümlədən, tamamilə yox olma təhlükəsi altında olan növlər zərər görüb. Belə bir vəziyyətdə ən vacib vəzifə plastik tullantıların sayını azaltmaqdır. Ancaq təbiətə qayğı müxtəlif yollarla ifadə edilə bilər: kimsə aksiyalarda iştirak edir, kimsə plastik torbalardan istifadə etmir və marketlərə gedəndə kətan torbalar seçir. Rəssam Nəzrin Musayeva isə sənət əsərləri yaratmaq üçün istifadə olunmuş plastikləri toplayır.

Sənətə ilk dəfə nə zaman maraq hiss etdiyinizi xatırlayırsınız?

Uşaqlıqdan həmişə muncuqlardan, düymələrdən, parçalardan nəsə düzəldirdim, kuklalar üçün paltarlar tikirdim, maşınlar və maketlər toplayırdım... Yeddi yaşında çimərlikdə qumdan düzəltdiyim başı hələ də xatırlayıram – o yaş üçün pis iş deyildi. Məktəbdə bütün sinif yoldaşlarımın əvəzinə şəkillər çəkirdim. Mən bu yolu seçməmişdim - hər şey bir şəkildə özü-özlüyündə alındı və bu günə qədər də davam edir. Vaxt keçdikcə qraffiti, sonra instalyasiyalarla məşğul olmağa başladım. Tədricən müxtəlif materialları və üsulları qarışdırmağı, birləşdirməyi öyrəndim. Heç bir şeydən inanılmaz bir şey yarada biləcəyin qeyri-ənənəvi sənət məni cəlb edir!

Zibildən əsərlər yaratmaq fikri necə yarandı?

Buna məni heyvanlara olan sevgim vadar etdi: biz insanlar çəkinmədən heyvanların həyatına daxil oluruq, onların yaşam məkanlarını çirkləndiririk, buna görə də onlar əziyyət çəkir, ölür, bütün növlər yox olur. Mən sirklərə və zooparklara çoxdandır ki getmirəm. Əlbəttə ki, uşaqlıqda məni ora aparırdılar, amma böyüdükdən sonra orada canlıların çəkdiyi əziyyəti gördüm, bu çox çirkin bir şeydir! Dəniz sakinləri hər kəsdən daha çox əziyyət çəkirlər, onlar ümumiyyətlə çıxılmaz vəziyyətdədirlər: dəniz, okean onların evidir və gedəcəkləri başqa yerləri yoxdur. Biz dənizi çirkləndiririk və bununla da dəniz sakinlərinə heç bir şans vermirik. Plastik şüşələr arasında üzməyə, balıq torlarına ilişib qalmağa, plastik qapaqları udmağa məcbur olurlar... Zibilə görə ölüb sahilə atılan balıq, quş, suitiləri gördükdə ürəyim parçalanır! Və bunun günahkarı biz – insanlarıq.

Və bu gün yaradıcılığınızın əsas istiqaməti budur?

Bəli, bu mənim verə biləcəyim hədiyyədir, qlobal ekoloji problemin həllinə kiçik bir töhfəmdir: insanların diqqətini bu problemə cəlb etmək istəyirəm, onları gec olmamış düşünməyə çağırıram. Zibillərə estetik görünüş verərək necə gözəl bir şey yarada biləcəyimizi göstərirəm. Axı bu məhsul daşıdığımız, şəhərimizdə uçuşan adi paketlərdir. Mənim işim tullantıların təkrar emalının bir növüdür, lakin yaradıcı və ən əsası faydalıdır.

Bəs belə bir əsər necə yaranır?

Bu eyni zamanda həm sadə, həm də mürəkkəb işdir. Əsas çətinlik uyğun rənglər tapmaqdır, çünki işimdə boyalardan istifadə etmirəm. Əvvəlcə xəyalımda gələcək şəkli təsəvvür edirəm, eskizi çəkirəm, sonra lazımı rəngdə paketləri toplamağa başlayıram. Materialı küçədən toplayıram, bəzən dostlarım kömək edir: bunlar adi paketlərdir, supermarket paketləri də işə daxil olur. Rəsmlərdə kölgələrə, açıq tonlara ehtiyac olur – bütün bunlar üçün çox vaxt və səy tələb edən uyğun material seçmək lazımdır. Belə bir əsərin yaradılması aylar çəkə bilər, bəzən çox yorucu olur. Ancaq ailəm və dostlarım hər zaman məni dəstəkləyir. Məndən tez-tez soruşurlar: paketlərlə əlləşməkdənsə rəsm çəkmək daha asan olmazdımı? Küçədə paketlər topladığım zaman bir çox insan mənə qəribə baxır. Bəzən gülürlər, hətta təəccüblənirlər... Mən isə onlardan soruşmaq istəyirəm: plastiklə zibillənmiş planetdə yaşayaraq, "Bu nəyə lazımdır?" sualını necə vermək olar? Ancaq ümumilikdə müsbət reaksiya verirlər və bu da məni olduqca ruhlandırır.

İnsanlara nə işlə məşğul olduğunuzu izah edirsiniz?

Bəli, əlbəttə. Bəzən insanlar təəccüb və hətta heyranlıqlarını ifadə edirlər: adi paketlərdən və ya millimetrlik plastik parçalardan əsl rəsm əsərini yarada biləcəyimə inanmırlar. Bəli, bunun üçün çox vaxt, güc və əsəb tələb olunur, amma nəticə həmişə sevindiricidir və mən bütün çətinlikləri unuduram!

Müsahibə: Nigar Orucova 

Foto: Pərviz Qasımzadə

Material altmış üçüncü buraxılışda dərc olunmuşdur.